15:14

Azərbaycan və OpenAI təhsildə süni intellekt üzrə memorandum imzaladı

Elm və Təhsil Nazirliyi ilə “OpenAI” təhsildə süni intellekt texnologiyalarından istifadənin genişləndirilməsi barədə üçillik anlaşma memorandumu imzalayıb.

Sənəd Nyu-Yorkda elm və təhsil naziri Emin Əmrullayev və “OpenAI” şirkətinin təhsil üzrə vitse-prezidenti Leah Belski tərəfindən imzalanıb.

Əsas məqsəd süni intellekt texnologiyalarından istifadə etməklə müəllim və şagirdlər üçün tədris və öyrənmə imkanlarının təkmilləşdirilməsi, təhsil prosesinin daha səmərəli və əlçatan təşkili, həmçinin təhsil müəssisələrində süni intellektdən təhlükəsiz və məsuliyyətli istifadəyə dair yanaşmaların formalaşdırılmasıdır.

Bununla yanaşı süni intellektəsaslı tədris alətlərinin hazırlanması, müəllim və digər təhsil işçilərinə yeni texnologiyalardan səmərəli istifadə üzrə təlimlərin keçirilməsi nəzərdə tutulub.

Xüsusilə, riyaziyyat, təbiət elmləri və oxu fənləri üzrə təhsilin idarəolunması sisteminin “OpenAI” texnologiyalarından istifadə edilməklə inkişaf etdirilməsi əsas istiqamətlərdəndir.

Tərəflər, həmçinin təhsil sahəsində süni intellektdən təhlükəsiz, etik və məsuliyyətli istifadəyə dair metodiki yanaşmaların, tövsiyələrin və müvafiq çərçivələrin hazırlanması istiqamətində əməkdaşlıq edəcəklər.

Qeyd edək ki, bu, Elm və Təhsil Nazirliyi ilə “OpenAI” arasında imzalanan ikinci anlaşma memorandumudur. İlkin əməkdaşlıq çərçivəsində adaptiv öyrənmə platformasının hazırlanması prosesi həyata keçirilib.